“Mənim addımım” fraksiyasının 10-dan çox deputatı baş nazir Nikol Paşinyanın istefasını qəti şəkildə tələb edir.
QİA.AZ xəbər verir ki, bunu Ermənistanın hakim “Mənim addımım” fraksiyasının üzvü olan deputat “İrates” qəzetinə müsahibəsində deyib.
“Onlar yalnız Paşinyanın deyil, bütövlükdə hökumətin istefasını istəyirlər. Sadəcə Paşinyan deyil, bütövlükdə onun komandası formal olaraq vəzifə tutub. Bu günlərdə onlar harada idi? Müharibəsonrası fəlakətin qarşısını neçə vəzifəli almağa çalışıb? Siyasi qərara gəldikdə isə bu problem seçki yolu ilə həll edilməlidir. Konkret olaraq bir neçə deputat fraksiyadan çıxmayaraq daxili müxalifətdə olmağa üstünlük verir”, – deputat bildirib.
Xatırladaq ki, dekabrın 15-də Nikol Paşinyan “Mənim addımım” fraksiyasının üzvləri ilə Seçki Məcəlləsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə edib.
Qeyd edək ki, Ermənistan parlamentinin 132 üzvü var. Onların 84-ü hakim “Mənim addımım” blokunu təmsil edir. Müxalifətin 44 yeri var, 4 deputat yeri isə boş qalıb. Ermənistan parlament seçkiləri 2018-ci il dekabrın 9-da keçirilib.