Deputat: “Koronavirus pandemiyası davam edir, arxayınlaşmaq olmaz”

Fev2,2021

“Ölkəmizdə koronavirusa yoluxma hallarının azalması bəzi qadağaların yumşaldılmasına, o cümlədən məktəblərin, kafe-restoranların açılmasına, şəhərlərarası gediş-gəlişə tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılmasına imkan verib. Lakin pandemiya davam edir. Ona görə də qətiyyən arxayınlaşmaq olmaz”.

Bunu “QİA.AZ”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Onun fikrincə, maska taxılması, sosial məsafənin gözlənilməsi, şəxsi gigiyenaya riayət edilməsi vacibdir: “Hamımız bilirik ki, xırda məsuliyyətsizliklər yenidən kütləvi yoluxmaya yol açır. Belə olanda da hökumət sərt karantin rejimi tətbiq etməyə, qadağaları daha da sərtləşdirməyə məcbur olur. Nəticədə iş yerləri, kafe və restoranlar, təhsil ocaqları bağlanır, böyük şəhər və rayonlara giriş-çıxış yasaqlanır. Bu da insanların sosial vəziyyətini çətinləşdirir. Hökumət də buna yol verməmək üçün sosial ödənişlər etmək məcburiyyətində qalır. Beləliklə, büdcəyə əlavə yük düşür. Ona görə də vətəndaşlarımız mümkün qədər diqqətli, ehtiyatlı olmalıdırlar”.

Ü.Quliyev uşaqların yenidən məktəbə getməsini təqdirəlayiq hal sayır. Deputat vurğulayıb ki, koronavirus pandemiyasından ən çox ziyan çəkən sahələrdən biri də təhsildir: “Ölkəmizin gələcəyi yaxşı təhsil almış, yüksək ixtisaslı mütəxəssislərin yetişməsindən asılıdır. Bunun üçün də keyfiyyətli təhsil olmalıdır. Amma koronavirus pandemiyasına görə məktəblər bağlanmışdı. Bu da, təbii ki, təhsilin keyfiyyətinə təsir edir. Düzdür, hökumət bunun qarşısını almaq üçün mümkün olan hər şeyi edir, dərslər virtual formada keçirilir. Ancaq bununla məktəbdə keçirilən dərslərin keyfiyyətini əldə etmək mümkün deyil. Ona görə də məsuliyyətli olmalıyıq ki, yoluxma halları yenidən artmasın və yenidən qadağalar tətbiq olunmasın”.

O qeyd edib ki, pandemiya başladığı ilk vaxtlardan Azərbaycanda bu qlobal bəlaya qarşı qabaqlayıcı tədbirlər görülüb: “Pandemiyanın ilk günlərində ölkəmizə modul tipli xəstəxanalar gətirildi və 13 belə xəstəxana quraşdırıldı. Azərbaycan bu sahədə digər ölkələri qabaqladı və nümunə göstərdi. Hesab edirəm ki, modul tipli xəstəxanaların tikintisi pandemiya ilə mübarizədə mühüm rol oynadı. Çünki dünyanın hətta inkişaf etmiş ölkələrində belə xəstəxana çatışmazlığı yaranmışdı və virusa yoluxanları xəstəxanaya yerləşdirmək mümkün olmurdu. Bu isə kütləvi yoluxmaya, eyni zamanda ölüm sayının kəskin artmasına səbəb olurdu. Bəzi ölkələrdə xəstələri xəstəxanaların dəhlizlərində yerləşdirirdilər, hansısa binaları xəstəxana kimi uyğunlaşdırırdılar. Amma ölkəmizdə belə çətinliklər olmadı. Hətta yoluxmanın pik həddində belə ağır vəziyyətdə olan xəstələri xəstəxanaya yerləşdirmək mümkün olurdu, yetərincə çarpayı sayı vardı. Bundan başqa, kütləvi yoluxmanın qarşısını almaq üçün sərt karantin rejimi tətbiq olundu. Bağçalar, orta məktəblər, universitetlər bağlandı, metronun, kafe-restoranların fəaliyyəti dayandırıldı, maska taxmaq məcburi oldu, işə çıxan işçilərin sayına məhdudiyyət gətirildi. Görülən bütün bu tədbirlər artıq öz müsbət nəticəsini verir. Son zamanlar ölkəmizdə koronavirusa yoluxanların sayı kəskin azalıb, eyni zamanda sağalanların sayı yoluxanların sayını dəfələrlə üstələyir. Bir məsələni də qeyd etməliyəm ki, Azərbaycanda koronavirusdan ölənlərin sayı digər ölkələrlə müqayisədə xeyli azdır. Hətta əhalisinin sayı Azərbaycanda dəfələrlə az olan ölkələrdə, o cümlədən qonşu dövlətlərdə koronavirusdan minlərlə insan ölüb. Amma ölkəmizdə vaxtında görülən tədbirlər sonucunda kütləvi ölüm halı baş vermədi”.

Oxşar Xəbərlər