Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev şəhid ailələri ilə görüşlər keçirib.
QİA.AZ xəbər verir ki, Millət vəkili Vətən müharibəsində 13 şəhid verən Ordubad rayonunun Düylün, Aza, Sabirkənd və Darkənd kəndlərində olub, şəhidlərimiz – kapitan Ülvi Hüseynov, baş-leytenant Namiq Xəlilov, leytenant Mətin Hüseynov, leytenant İntiqam Abdullayev və MAHHQ Saday Məmmədəliyevin ailələrinə baş çəkib. Şəhid ailələrinin psixoloji-mənəvi vəziyyəti ilə maraqlanan Cəbi Quliyev görüşlərdəki çıxışları zamanı qeyd edib ki, 44 günlük Vətən Müharibəsində qorxmadan, çəkinmədən düşmənlə mübarizə aparan, torpaqlarımızın azadlığı, Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canından keçmiş şəhidlərimiz bizim qələbəmizin səbəbkarlarıdır. Onlar hamımızın övladı, hamımızın qardaşıdır və hər birimiz onlarla fəxr edir, şəhidlərimizi daim qürur hissi ilə yad edirik.
Dövlətimiz Azərbaycanının ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Qazi və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən danışan deputat Cəbi Quliyev bildirib ki, şəhid ailələrinə diqqət və qayğı dövlət başçımızın xüsusi nəzarətindədir.
Deputat Cəbi Quliyevlə birlikdə Ordubad rayon İcra Başçısının birinci müavini Elvin Məmmədov da görüşlərdə iştirak edib.