Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün iyulun 22-dən 28-i saat 23:59-dək linkə daxil olaraq Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər.
QİA.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, islamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.
Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.
DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.
Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər. Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində islamşünaslıq ixtisasını qeyd edə biləcəklər.
III ixtisas qrupunun islamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.