DİM və Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) və Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

“QİA.AZ” xəbər veri ki, sənəd DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Yunus Əmrə İnstitutunun sədri professor Şərəf Atəş tərəfindən imzalanıb.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.

Görüşü DİM sədri açaraq bildirib ki, imzalanan protokola əsasən, DİM Türkcə Yetərlik İmtahanının (TYS) Azərbaycan ictimaiyyətində tanıdılması, bu imtahanın etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün texniki infrastrukturun yaradılması, bununla yanaşı xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik vəsaitləri, onlayn tədris və imtahan platformasının inkişaf etdirilməsi, eyni zamanda Azərbaycan Dili Xarici Dil kimi İmtahanının ərsəyə gətirilməsi üçün Yunus Əmrə İnstitutu ilə qarşılıqlı əməkdaşlıq imkanları yaradacaq”.

M.Abbaszadə deyib ki, sənədə görə, İnstitut xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik və köməkçi materialların (elektron və çap) tərtib olunması, elektron “Azərbaycan dilinin tədrisi portalı”nın yaradılması, Avropa Şurasının çərçivə sənədi (CEFR) əsasında “Sertifikat imtahanları (A1-C1)” və “Səviyyə Ölçmə İmtahanının (SÖİ)” nümunəsi əsasında Azərbaycan dili səviyyə ölçmə imtahanı ilə Sertifikat İmtahanının məzmun və materiallarının, eyni zamanda xarici dil kimi Azərbaycan dilinin tədrisi məqsədilə bu sahədə fəaliyyət göstərəcək müəllim və tədris işçilərinin yetişdirilməsi üçün təlimçilərin təlim proqramlarının hazırlanmasına dəstək verəcək: “DİM isə öz növbəsində CEFR əsasında hazırlanan və Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrin türk dili üzrə bir çox üstünlükləri özündə birləşdirən TYS-nin tanınmağına töhfə verəcək, TYS-nin etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün lazımi bütün texniki xidmətləri təmin edəcək”.

DİM sədri sonda Azərbaycan və Türkiyə tərəfini təbrik edib: “Ümid edirəm ki, tez bir zamanda Şuşada görüşək və bu imtahanları orada keçirək”.

Ş.Atəş də təbriklərə qoşulub və protokolun Türkiyədən Azərbaycana, Azərbaycandan Tükiyəyə gələn tələbələrin sayını artırmaqla iki ölkə arasında mədəniyyət və təhsil sahəsindəki əlaqələri artırmaq məqsədi daşıdığını vurğulayıb.

Oxşar Xəbərlər