Dinozavrlar barədə tədqiqatlara daha biri əlavə olunub.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniyanın Köln Universitetinin əməkdaşlarının dinozavrların məhv olmasına dair tədqiqatları “Science” elmi jurnalında dərc edilib. Alimlər iddia edirlər ki, 66 milyon il əvvəl sözügedən canlıların nəslinin kəsilməsinə səbəb olan asteroid Yupiter planetindən daha uzaqda formalaşıb. Bundan əlavə, tədqiqatçılar indiyədək irəli sürülən Yerlə kometin toqquşması fikrini də rədd ediblər.
Məqalə müəllifləri asteroidin Yerə çırpıldığı Çikşlub kraterində (müasir Meksika ərazisi) apardıqları tədqiqat nəticəsində belə bir qənaətə gəliblər. Ərazidəki rutenium metalının izotoplarını təhlil edən alimlər onun asteroid mənşəli olduğunu bildirirlər. Laboratoriya analizi bu asteroidin S tipinə aid olduğunu, yəni Günəş sisteminin xarici planetlərin yerləşdiyi zonada formalaşdığını sübut edib. Alimlər asteroidin Yupiterdən daha uzaq məsafədən gəldiyini ehtimal edirlər. Səma cisminin formalaşdıqdan sonra bir müddət Mars və Yupiter arasındakı asteroid qurşağında hərəkət etdiyi də ehtimallar arasındadır.
Tədqiqatçıların fikrincə, bu tip araşdırmalar dinozavrların nəslinin kəsilmə səbəbini üzə çıxarmaqla yanaşı, Yer planetini gözləyən oxşar təhlükələri dəyərləndirmək üçün də zəruridir.