Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

İyn 5, 2021

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2-3 iyun 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

DİM-dən QİA.AZ-a verilən məlumatda bildirilir ki, imtahanlarda iştirakı nəzərdə tutulan 39 047 nəfərdən 538 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 10 iyun tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 7-9 iyun tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur.

Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Oxşar Xəbərlər