Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

İyulun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla görüşüb.

QİA.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirildiyi diqqətə çatdırılıb. Birinci xanım Mehriban Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

Komitə sədrinin fərdi qaydada görüşdüyü keçmiş məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər.

Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Oxşar Xəbərlər