Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ölkədə müvəqqəti olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Müraciətdə Nazirlər Kabinetinin 2021-ci il 22 iyul tarixli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il sentyabrın 1-i saat 06:00-dək uzadıldığı deyilir.
Bildirilir ki, bu müddət ərzində Xidmətin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı-https://www.migration.gov.az/az/news_detail/14374).
Karantin müddətində Xidmətin (012) 919 – Çağrı Mərkəzi həftə sonları (avqustun 7 və 8-də, 14 və 15-də, 21 və 22-də, 28 və 29-da) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər qurumun rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.
DMX bir daha xatırladır ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.