“Dövlət qulluğunda problemlər, çağırışlar və perspektivlər” mövzusunda onlayn formada konfrans təşkil edilib

İyn21,2021

“Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 1476 nömrəli Sərəncamında hər il iyunun 23-nün Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı günü kimi qeyd edilməsi nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 15 aprel 2021-ci il tarixli 41 nömrəli Sərəncamı ilə “Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı” təsdiq edilib. Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə Dövlət İmtahan Mərkəzi tərəfindən 21 iyun 2021-ci il tarixində “Zoom” platforması vasitəsilə dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə onlayn konfrans təşkil edilib. Konfransda, dövlət orqanlarının tabeliyində olan təlim-tədris mərkəzlərinin nümayəndələri də iştirak ediblər.

“QİA.az” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov konfransı giriş nitqi ilə açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. B.Xəlilov dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti, dövlət qulluğunda mövcud problemlər və həlli yolları, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və onların nəticələrindən söz açıb.

Konfransda daha sonra Mərkəzin Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn tərəfindən “Dövlət qulluğunda səriştə modelinin tətbiqinə dair Pilot Layihə” adlı təqdimat nümayiş etdirilib və layihənin icra vəziyyəti barədə danışılıb.

Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluğunda qanunvericiliyin təkmilləşdirilməsi və təlimlərin idarəedilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, dövlət qulluğu qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və hazırlanan layihələr, dövlət qulluğunda təlimlərin təşkili və idarə edilməsi barədə tədbir iştirakçılarına məlumat verilib.

Həmçinin Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin Vəzifə təlimatları və elanlarla iş sektorunun müdiri Rüfət Ağayev “Dövlət qulluğunda ehtiyat kadrlarla iş” mövzusunda təqdimat edib. Eyni zamanda, dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəliliyinin artırılması məqsədilə “Ehtiyat kadrların elektron sorğu sistemi” barədə məlumat verilib. Sistem ehtiyat kadrlara şəxsi kabinetinə daxil olmaqla anket məlumatlarının doğruluğunu yoxlamaq, düzəliş və əlavələr etmək, habelə dövlət orqanlarına ehtiyat kadrların məlumatlarını elektron qaydada əldə etmək imkanı yaradır.

Konfransın sonunda dövlət qulluğuna dair aktual məsələlərin müzakirəsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Oxşar Xəbərlər