Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə MDB iştirakçısı olan dövlətlərin inşaat fəaliyyəti sahəsində əməkdaşlığı üzrə Hökumətlərarası Şurasının üzv dövlətlərinin, həmçinin Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Bakı Dövlət Layihə İnstitutunun nümayəndələrinin, şəhərsalma və ərazi planlaşdırılması üzrə beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə “MDB məkanında şəhərsalma sahəsində nailiyyətlər, problemlər və mövcud trendlər” mövzusunda videokonfrans formatında elmi-praktiki konfrans keçirilib.
Bu barədə “QİA.az”a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Elmi-praktiki konfrans “Memarlıq və Şəhərsalma ili” çərçivəsində keçirilib
Konfransı giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov MDB-nin 2021-ci ildə qeyd olunan 30 illik yubileyi münasibəti ilə üzv dövlətləri təbrik edib və Şuranın müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən şəhərsalma sənədlərinin hazırlanması, memarlıq və tikinti-quraşdırma işləri, tikinti materialları, məhsul və konstruksiyaların istehsalı, eləcə də mühəndis-axtarış işləri ilə bağlı iştirakçı ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində əhəmiyyətini qeyd edib.
Görüş çərçivəsində Bakı və Gəncə şəhərlərinin Baş Planlarının tərtib edilməsində istifadə edilən yeni yanaşmalar, ərazi planlaşdırılması və layihəndirmə prosesini əks etdirən təqdimatların nümayişi keçirilib. Tədbir zamanı MDB ölkələrində şəhərsalma və memarlıq sahələrində aktual problemlər və onların həlli yolları, layihələndirmədə müasir texnologiyaların tətbiqi, habelə bu sahədə əldə edilən nailiyyətlər haqqında Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyəti ilə yanaşı, Rusiya Federasiyasının, Moldova, Belarusiya və Qırğızıstan Respublikalarının aidiyyatı qurumlarının mütəxəssislərinin müvafiq təqdimatları dinlənilib, qarşılıqlı maraq kəsb edən aktual istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, tədbirdə iştirak edən beynəlxalq ekspertlər tərəfindən şəhərlərin rəqəmsal transformasiyası, mədəni-tarixi irsin qorunması və şəhərsalma sahəsində biliklərin sürətli ötürülməsinin modelləşdirilməsinə dair mövzularda təqdimatlar edilib. Tədbir çərçivəsində qeyd olunan mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı, bu sahələrdə perspektivlər və inkişaf istiqamətləri ətrafında müzakirələr oldu, suallar cavablandırıldı.
Bildirək ki, MDB dövlətlərinin Hökumət Başçıları Şurasının 29 may 2020-ci il tarixində təsdiq etdiyi “Tədbirlər planı”na əsasən 2021-ci il MDB ölkələrində “Memarlıq və şəhərsalma ili” kimi qeyd edilir və cari ilin payız aylarında “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi”nin keçirilməsi, habelə MDB iştirakçısı olan dövlətlərin inşaat fəaliyyəti sahəsində əməkdaşlığı üzrə Hökumətlərarası Şurasının 42-ci iclasının Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrliyi ilə Bakı şəhərində təşkili nəzərdə tutulur.