Dövlət Statistika Komitəsi UNICEF-lə İş Planı imzalayıb

İyn8,2021

Dövlət Statistika Komitəsi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi arasında 2021-2022-ci illəri əhatə edən dövr üçün birgə İş Planının imzalanması mərasimi keçirilib.

“QİA.az” bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Tahir Budaqov mərasim iştirakçılarını salamlayaraq bildirib ki, Komitə ilə BMT-nin müvafiq strukturları, o cümlədən UNICEF arasında sıx əməkdaşlıq mövcuddur. 2021-2022-ci illəri əhatə edən İş Planı UNICEF-lə 2021-2025-ci illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində hazırlanıb. Planın həyata keçirilməsi ölkədə ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının statistik qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsinə dəstək verəcək, uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsinə kömək edəcək.

UNICEF-in yerli nümayəndəliyinin rəhbəri Edvard Karvardin İş Planının əhəmiyyətini diqqətə çatdırıb. O, bildirib ki, əməkdaşlıq DİM-ə nailolma vəziyyətinin statistik qiymətləndirilməsi, bu sahədə monitorinq və hesabatvermə üzrə milli potensialın artırılması üçün məlumatların toplanmasının təkmilləşdirilməsinə dəstək verəcək.

Sonra İş Plan imzalanıb. Sənədi T.Budaqov və E.Karvardin imzalayıb.

Oxşar Xəbərlər