Aprelin 27-də görkəmli alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.
DSX-nin mətbuat xidmətindən QİA.az-a verilən məlumata görə, xidmətin qadın hərbi qulluqçuları Fəxri xiyabanda Zərifə Əliyevanın məzarını ziyarət edib, ehtiramlarını bildiriblər.DSX aparatında davam edən tədbirdə dünya şöhrətli alim Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olunub.
Tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin anası Zərifə хanımın еlm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkeş valideyn, zəngin mənəviyyata sahib əsl ziyalı kimi keçdiyi ömür yolunun gənc xanımlarımızın formalaşmasına parlaq nümunə olması xüsusi vurğulanıb.
Əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verən görkəmli alimin vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar apardığı, eyni zamanda, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərəli təklifin müəllifi olduğu qeyd edilib.
Tədbirin sonunda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş “Sönməyən işıq” sənədli filmi nümayiş olunub.