Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 28 kiloqram 390 qram narkotik vasitəyə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-dən QİA.AZ-a bildirilib ki, Yardımlı rayonunun Perimbel kəndi, Cəbrayıl rayonunun Mahmudlu kəndi və Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavalarının xidməti sahəsində naməlum şəxslər tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.
Sərhəd zastavaları “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazilər qapadılmış, sərhəd naryadları tərəfindən sərhəd pozucularının təqibi başlanılıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.
Sərhəd naryadlarının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar.
Keçirilmiş axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun ərazisində bir kisədə ümumi çəkisi 7 kiloqram 225 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”) və bir ədəd gecəgörmə cihazı, Cəbrayıl rayonunun ərazisində isə bir ədəd bağlamada ümumi çəkisi 11 kiloqram 465 qram və Astara rayonunun ərazisində idman çantasında 9 kiloqram 700 qram narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.