Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya azərbaycanlıları İstanbulda müalicə alan, qürur mənbəyimizə çevrilmiş qazilərimizə baş çəkib, onların vəziyyəti ilə maraqlanıblar.
QİA.AZ xəbər verir ki, görüş zamanı mərd oğullarımızın göstərdiyi şücaət və qəhramanlıqdan söz açılıb, harada yaşamasında asılı olmayaraq hər bir azərbaycanlının Vətən uğrunda canından keçən şəhidlərimizlə və sağlamlığını itirən qazilərimizilə fəxr etdiyi, qürur duyduğu vurğulanıb.
Komitə sədri şəhid ailələrinə, qazilərə dövlət səviyyəsində hərtərəfli qayğı göstərildiyini və bunun dövlətimiz üçün prioritet məsələ olduğunu xüsusi ilə qeyd edib. Fuad Muradov əlavə edib ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımız və diaspor nümayəndələri may ayı boyunca keçirilən “YAŞAT” marafonunda yaxında işitrak etməklə, şəhid ailələrinin və qazilərimizin yanında olduqlarını nümayiş etdiriblər.
Qazilərə ən qısa zamanda sağlamlıqlarına qovuşmağı diləyən ziyarətçilər qarşıdan gələn 26 iyun- Silahlı Qüvvələr Günü münasibəti ilə onları təbrik edib, Vətən uğrunda müqəddəs və şərəfli xidmətlərinə görə bir daha hər birinə təşəkkür ediblər.