Dünənki 4%-lik qiymət artımından sonra korreksiya səbəbindən dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.
“QİA.AZ” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9.00-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,51% ucuzlaşaraq, 1 bareli 71,86 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,47% aşağı düşərək, 1 bareli 69,97dollar təşkil edib.
Dünən qiymətlər 4,1-4,2% artım nümayiş etdirilib. Neft bazarı əvvəlki ucuzlaşmanı, həmçinin ABŞ-da xammal ehtiyatlarının azalmasını kompensasiya edib. Bununla belə, ABŞ Energetika Nazirliyinin məlumatına görə, iyulun 16-dək olan həftə ərzində ölkədə benzin ehtiyatları 0,1 milyon barel, distillyat ehtiyatları 1,3 milyon barel azalıb. Hasilatın əvvəlki həftədə olduğu kimi gündəlik 11,4 milyon barel səviyyəsində qalmasına rəğmən ehtiyatlar gözlənilmədən 2,1 milyon barel artıb.
Ümumiyyətlə, bu həftə ərzində neft qiymətləri yüksək volatillik nümayiş etdirir. Belə ki, risklərin azalması və OPEC+ alyansının qərarları ilə bağlı bazar ertəsi neft orta hesabla 7% ucuzlaşsa da, risk əhvalının bazarlara qayıtması səbəbindən ardıcıl 2 gün artım nümayiş etdiriblər.