Dünyada neftə tələbatın ən yüksək həddi əvvəl güman ediləndən daha tez, yəni 2030-cu ildə olacaq, sonrakı dövrdə isə kəskin azalmağa başlayacaq.
“QİA.AZ” “İnvesting.com”a istinadən xəbər verir ki, Fransanın “Total Energies SE” şirkətinin proqnozuna görə, bunun səbəbi get-gedə daha çox ölkələrin təmiz enerji mənbələrinə keçməklə bağlı öhdəlik götürməsi ilə bağlıdır.
Proqnoza görə, müxtəlif variantlarda 2050-ci ilədək neftə gündəlik tələbatın həcmi 40 milyon barel və ya 64 milyon barel təşkil edəcək.
Təbii qaz nüvə və su enerjisi ilə yanaşı dünya enerji istehlakında mühüm rol oynamağa davam edəcək. Bərpa olunan enerji mənbələrinin dünya enerji istehlakındakı payı xeyli artacaq, 2050-ci ilədək elektrik enerji istehsalı daha çox günəş və külək enerjisi hesabına ikiqatdan çox artacaq.
Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, dünya üzrə gündəlik neft istehlakı 2019-cu ildə 99,7 milyon barel, 2020-ci ildə 90,9 milyon barel olub, 2021-ci ildə 96,1 milyon barel, 2022-ci ildə isə 99,4 milyon barel həcmində gözlənilir.
OPEC ekspretlərinə görə isə gələn il dünyada neftə gündəlik tələbat pandemiyadan əvvəlki səviyyəni aşaraq 100,8 milyon barel təşkil edəcək.