Dünya şəhərlərinin həyat keyfiyyətinə görə reytinqinə Yeni Zelandiyanın Okland şəhəri başçılıq edir.
QİA.AZ xəbər verir ki, bu barədə “The Economist”in nəzdində fəaliyyət göstərən “Economist İntelligence Unit” (EİU) analitik mərkəzinin hazırladığı “Global Liveability İndex 2021” (Qlobal həyat qabiliyəti indeksi) hesabatında bildirilir.
Ümumilikdə 140 şəhəri əhatə edən reytinq ilk dəfə pandemiyanın fəsadlarını nəzərə almaqla həyat tərzini ehtiva edən 22 fevral – 21 mart müddətində 30-dan artıq göstəricisi əsasında hesablanan xalla tərtib olunub. Həmin göstəricilər sabitlik, səhiyyə xidmətləri, mədəniyyət və ətraf mühit, təhsil və infrastruktur kimi beş bölümdə təsnif olunur.
Reytinqin ilk onluğunu təqdim edirik: Okland (96,0), Osaka (94,2), Adelaid (94,0), Vellinqton (93,7), Tokio (93,7), Pert (93,3), Sürix (92,8), Cenevrə (92,5), Melborn (92,5), Brisbeyn (92,4). Beləliklə, top-10-a daxil edilən 6 şəhər pandemiyanın az hiss edildiyi Avstraliya və Yeni Zelandiyada yerləşir.
EİU iqtisadi eksperti Simon Baptist pandemiyanın səbəb olduğu lokdaunlar nəticəsində Avropanın bir çox şəhərlərinin reytinqdə gerilədiyini qeyd edib. O cümlədən, son illər yuxarı pillələrdə qərarlaşmış Vyana 12-ci yerə enib. Digər tərəfdən, məsələn, Honolulu daha çox koronavirusa qarşı səmərəli tədbirlər sayəsində 46 pillə irəliləyərək 14-cü yerə çıxıb.
Bununla yanaşı, 10 ildir daxili müharibədən əziyyət çəkən Suriya paytaxtı Dəməşq reytinqdə son pillədədir. Həmçinin, Banqladeş paytaxtı Dəkkə, Kəraçi, Papua Yeni Qvineya paytaxtı Port Morsbi də aşağı pillələrdə qərarlaşıb.