Düşmənin əsas komanda məntəqəsində bir neçə yüksək vəzifəli şəxs məhv edilib – MN

Əziz xalqımızı Dövlət Bayrağı Günü və şanlı bayrağımızın azad olunmuş Şuşa şəhərində dalğalanmağı münasibətilə Ordu rəhbərliyi və şəxsi heyət adından təbrik edirəm.

QİA.AZ-ın məlumatına görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, ötən müddət ərzində düşmən qüvvələri Ermənistanın Berd, Çəmbərək rayonları və müxtəlif istiqamətlərdən Tovuz, Gədəbəy və digər istiqamətlərdə olan bölgələrimizi, o cümlədən Bərdə, Ağdam rayonları daxil olmaqla bir sıra yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlardan, toplardan və minaatanlardan atəşə tutub:

“Ordumuz tərəfindən yalnız sərhədlərimiz çərçivəsində legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görülüb. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. “Su-25” həmlə təyyarəsi və pilotsuz uçuş aparatlarının tətbiqi ilə hərbi hava qüvvələrimizin cəbhənin Xocavənd istiqamətində endirdiyi aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları darmadağın edilib. Əsas komanda məntəqəsində bir neçə yüksək vəzifəli şəxs məhv edilib.

Ordumuzun bu istiqamətdə və Qırmızı Bazar məntəqəsi ətrafındakı mövqelərə hücumları qarşısında aciz qalan düşmənin 2-ci və 3-cü motoatıcı alayının bölmələri ağır itkilər verərək müdafiə hədlərini atıb qaçmağa məcbur edilib. Düşmənin xeyli sayda ölü və yaralısı var. Cəbhənin Tərtər istiqamətində bölmələrimizi atəşə tutan düşmənin 10-cu dağatıcı diviziyasının minaatan heyəti də Ordumuzun dəqiq atəşi ilə məhv edilib”.

Oxşar Xəbərlər