Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşinə tutub.
QİA.AZ xəbər verir ki, bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmən tərəfindən atılan “Smerç” raketlərindən biri şəhərin mərkəzinə düşüb. Güclü partlayış dalğası zamanı “Azərxalça” ASC-nin Tərtər şəhər ərazisində yerləşən filialının inzibati binasına külli miqdarda ziyan dəyib.
Xoşbəxtlikdən həmin vaxt binada “Azərxalça”nın işçiləri olmayıb. Yalnız filialın nəzarətçisi Rövşən Kərimli olub. O, “Report”un əməkdaşı ilə söhbət edən zaman bildirib ki, ötən gecə saat 8 radələrində düşmən tərəfindən atılan raket zamanı binanın qapı və pəncərələrinə, kompüter sisteminə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhəri və ətraf kəndlərə ümumilikdə 147 top mərmisi və 4 “Smerç” raketi atıb.