“Bu gün Bakı şəhərində avtobus dayanacaqları yolayrıclarında qoyulur və böyük problemlər yaradır”.
“QİA.AZ” xəbər verir ki, bunu onlayn keçirilən “Baku City Forum”da Daxili İşlər Nazirliyin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mubariz Ağayev deyib.
“Birzolaqlı ikitərəfli yollarda ciblər təşkil olunmadan dayanacaqlar yaradılır. Bu isə digər hərəkət iştirakçılarına mane olur, həmçinin yollarda tıxac yaradır. Narahatlıq yaradan məsələlərdən biri də taksi dayancaqlarının avtobus dayanacaqlarının içərisində yerləşdirilməsidir. Bildiyiniz kimi, hazırda metro işləmir və bu səbəbdən də sərnişindaşımada əsas ağırlıq avtobusların üzərinə düşür. Təəssüf ki, bir çox hallarda avtobus sürücüləri qaydaları pozur. Avtobusların intervala riayət etməməsi, yollarda yarışa girməsi narazılığa səbəb olur. Son zamanlar intensiv yağışlar nəticəsində işıqforların işləməməsi də narahatlıq yaradır. Bu barədə vətəndaşların da şikayətləri olur. Yağış yağan kimi işıqforlar işləmir və bizim əməkdaşlara da problem yaradır. Tövsiyə edərdim ki, onların fəaliyyətinə nəzarət edilsin”, – o qeyd edib.