Səhhətimizdə narahatlıq yarandıqda ağrılardan daha tez qurtulmaq üçün bəzən xəstəxanaya, ixtisaslaşmış həkimə yox aptekə müraciət edirik. Bəzi aptek işçiləri, əczaçılar hiss olunan simptomlara uyğun müxtəlif dərman preparatlarından istifadəni tövsiyə edirlər.
Sağlamlığımızı etibar etdiyimiz əczaçıların hamısının tibb təhsilli olması naməlumdur. Bəziləri ixtisasca əczaçı olsalar belə, bu onlara xəstəni müalicəyə yönləndirmək hüququ vermir.
Bəs əczaçının bu addımı nə qədər doğrudur?
QİA.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan terapevt, tibb eksperti Rasif Bağırov deyib ki, əczaçının xəstəyə müalicə üçün dərman yazmağa ixtiyarı yoxdur:
“Əczaçı dərmanın xüsusiyyətini bilə bilər, amma xəstəyə dərman yazmaq, onu müalicə etmək üçün diaqnoz qoymaq lazımdır. Diaqnoz qoymaq üçünsə xəstənin və xəstəliyin simptomlarını bilmək vacibdir. Onların və müəyyən müayinələrin əsasında xəstəyə konkret diaqnoz qoyulur və bundan sonra müalicə yazılır”.
Həkim əczaçıya bununla bağlı sertifikatın verilməsinin də mümkünsüz olduğunu vurğulayıb:
“Əczaçı klinist, yəni xəstəni müalicə edən həkim deyil, əczaçı dərmanların xüsusiyyətini bilən adamdır. Tutaq ki, hansısa dərmanın bədəndə hərəkətini, tərkibini, filan məqsəd üçün istifadə olunduğunu bilir. Əczaçı dərman təchizatı və satışı ilə məşğul olan adamdır. Ona ancaq əczaçılıq sənayesi və əczaçılıq məsələsi ilə bağlı sertifikat verilə bilər. Müalicə işi ilə bağlı heç kim sertifikat verə bilməz”, – deyə ekspert əlavə edib.