Hidrogen enerjisinə keçid gələcək nəslə buraxıla biləcək ən böyük hədiyyədir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) hidrogen yanacaq elementlərinin tədqiqatı və inkişafı sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək üçün platforma ola bilər.
QİA.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının ekoloji cəhətdən təmiz hidrogen üzrə mütəxəssislər qrupunun rəhbəri Məhəmməd Əbu Laban deyib.
Onun fikrincə, fosil yanacağından hidrogen enerjisinə keçid strategiyası əsas olmalıdır, çünki bu, iqlim dəyişikliyinin əsas səbəbi olan istixana qazı emissiyalarını azaldacaq: “Bu yolla, biz mövcud bərpa olunan enerji infrastrukturundan istifadə edə və elektrikləşdirilməsi çətin olan sektorları “karbonsuzlaşdıraraq” daha davamlı enerji sistemləri yarada bilərik”.
Əbu Labanın sözlərinə görə, bu il Azərbaycanda keçiriləcək COP29 hidrogen yanacaq elementlərinin tədqiqi və inkişafı sahəsində beynəlxalq əməkdaşlığın təşviqi üçün platforma ola bilər: “Qısa müddətdə konkret fəaliyyət məhdudlaşdırılsa da, hidrogen texnologiyasının inkişafı üçün uzunmüddətli yol xəritəsi vacibdir”.
O bildirib ki, hidrogen yanacaq elementləri gəmilər, yük maşınları və elektrik enerjisi mənbəyindən istifadənin çətin olduğu bəzi sənaye prosesləri kimi ağır nəqliyyat üçün təmiz alternativ təmin edə bilər: “Hidrogen molekulları, enerjini qorumağın bir yolu olaraq, litium batareyalardan istifadə edərək elektronlarda enerji saxlamaq üçün dünya miqyasında qeyri-real istəklə müqayisədə bir çox üstünlüklərə malikdir, çünki hidrogen litium və kobalt kimi komponentlərdən daha az asılıdır”.
Əbu Laban qeyd edib ki, hidrogen yanacağı istifadə edən mühərriklər və akkumulyatorlar sadə dizaynı sayəsində daha az texniki xidmət tələb edir, ətraf mühit üçün risk yaratmır, səssiz işləyir və daha az istismar xərclərinə malikdir.