Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb-FOTO

Apr30,2024

Elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb.

QİA.az xəbər verir ki, bu barədə Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Emin Əmrullayev “Maarifçi”lərlə bağlı gözləntilərini dilə gətirərək bu kimi proqramların tələbə və gənclərlə ünsiyyət, onların dövlət qurumlarının fəaliyyəti barədə məlumatlandırılması baxımından faydalılığını qeyd edib. Nazir, həmçinin sözügedən proqramın əhatə dairəsinin genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Proqram iştirakçılarının təəssüratlarını öyrənən elm və təhsil naziri sonda onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, 27 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramında iştirak hüququ qazanıb. İştirakçıların 9-u magistratura tələbəsi, 6-sı III kurs, 8-i IV kurs bakalavriat tələbəsi, 4-ü isə son 3 il ərzində məzun olmuş şəxsdir.

Proqram ərzində 13 nəfər Elm və Təhsil Nazirliyi, 2 nəfər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 6 nəfər Peşə Təhsili üzrə Dövlət Agentliyi, 6 nəfər isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrində təcrübə keçəcək.

Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarını formalaşdırmaq, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarını artırmaq, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələrinə, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.

Proqram 3 ay davam edəcək və sonda iştirakçılara sertifikat təqdim olunacaq.

Oxşar Xəbərlər