Əməkdar artist Namis Şirməmmədov vəfat edib.
QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Bildirilib ki, o uzun sürən xəstəlikdən sonra 62 yaşında vəfat edib.
Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Həsənağa Turabovun dəvəti ilə 1997-ci ilədək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.
1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008-ci ilə qədər aktyor vəzifəsində işləyib. N.Şirməmmədov daha çox dramatik xarakterli rolları ifa edib. 2008-ci ildən isə teatrın quruluşçu rejissoru kimi fəaliyyət göstərib.
2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist” fəxri adına və 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb.
N.Şirməmmədov A.Babayevin “Xilaskar” əsərində ulu öndər Heydər Əliyev obrazını canlandırıb.