“Yaxşı oyun göstərməyə çalışacağıq. Rəqibin gücünə bələdik. Məqsədimiz qələbə qazanmaqdır”.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov UEFA Millətlər Liqasının C Divizionunda Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
32 yaşlı yarımmüdafiəçi yaxşı nəticə üçün çalışacaqlarını bildirib: “Vaxtımız çox azdır. Bir dəfə məşq keçmişik. Komanda olaraq hər birimiz uğur qazanmaq istəyirik. Maksimum diqqətli olmalıyıq. Sonadək mübarizə aparacağıq”.
Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.