Energetika naziri Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb

Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov Ukrayna tərəfindən həmsədr, infrastruktur naziri Vladislav Kriklinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkələr arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə “QİA.az”a Energetika Nazirliyindən məlumat verilib.

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və münasibətlərin möhkəmləndirilməsinə Hökumətlərarası Komissiyanın töhfələrini qeyd edən energetika naziri qarşılıqlı ticarət və investisiyaların artan tendensiya ilə inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Ukrayna ikitərəfli enerji əlaqələrinin inkişafı və birgə layihələrin həyata keçirilməsi məqsədi ilə yaradılmış İşçi Qrupun fəaliyyətinə və yaxın gələcəkdə keçirilməsi planlaşdırılan növbəti iclasda müzakirə ediləcək məsələlərə diqqət çəkilib.

Ukraynanın infrastruktur naziri Vladislav Krikli Azərbaycanın qələbəsi ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğuna, bununla da regionda sülhün bərqərar olduğuna diqqət çəkib və işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində Ukrayna şirkətlərinin də iştirak etməkdə maraqlı olduğunu bildirib. Eyni zamanda, hazırda Ukraynada həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verərək, Azərbaycanın biznes təmsilçiləri üçün ölkəsində geniş investisiya imkanlarının olduğunu bildirib. Ticari-iqtisadi münasibətlərin dinamik inkişafının bundan sonra da davam edəcəyinə əminlik ifadə edilib. Görüşdə Ukraynanın Azərbaycan Respublikasındakı Ticarət Evinin fəaliyyəti haqqında məlumat verilib.

Görüş zamanı, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə tərəfdaşlığın genişləndirilməsi imkanları və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinə dair müzakirələr edilib.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər