Energetika naziri “Yüksəliş” müsabiqəsi çərçivəsində təşkil edilmiş vebinarda təqdimatla çıxış edib

Fevralın 19-da “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib. 200-dən çox iştirakçının qatıldığı vebinarda energetika naziri Pərviz Şahbazov “Zamanın idarə olunması” mövzusunda təqdimatla çıxış edib. Vebinarın moderatoru Yüksəliş İşçi qrupunun rəhbəri Fərhad Hacıyev olub. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yaradılan və dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinin ölkəmizdə peşəkar kadr potensialının aşkara çıxarılması istiqamətində əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib. Müsabiqəyə müraciətlərin və marağın çox olmasını layihənin uğurlu təşkilatçılığının göstəricisi kimi qiymətləndirib.

Bildirilib ki, hansı sahədə çalışmasından asılı olmayaraq gələcək barədə aydın hədəfi olmaq və bu hədəfi reallaşdırmaq üçün doğru qərarlar qəbul etmək hər bir menecerin, idarəedicinin uğurunun ilk şərtidir: “Yaxın tarixə nəzər salsaq, Ulu Öndər Heydər Əliyevin hakimiyyət karyerası bu baxımdan parlaq nümunələrlə zəngindir. Ulu Öndərin hələ sovet dövründə Azərbaycanın gələcəyi ilə bağlı strateji baxışları və buna yönəlik qərarları o dövrdə olduğu kimi müstəqillik illərində də öz bəhrəsini verir. Onun, təxminən, 20-25 il əvvəl imzasını atdığı layihələr bu gün və gələcək üçün davamlı nailiyyətlərin mənbəyidir”.

Təqdimat zamanı o da vurğulanıb ki, müasir zamanda idarəçiliyin əsasını həm də uğurlu kommunikasiya təşkil edir. Peşəkarlıq, hər bir görülən işdə hədəflərə çatmaq üçün səbirli davranmaq, ətrafındakıların fikirlərindən yararlanmaq, çox işləmək, özünə inanmaq inkişaf üçün çox vacibdir. Liderliyin mərkəzində dayanan keyfiyyətlər isə doğruluq, düzgünlükdür.

Görüşün sonunda energetika naziri yarımfinala keçən iştirakçılara təbriklərini çatdıraraq uğurlar arzulayıb və “Yüksəliş” müsabiqəsinin milli və dövlətçilik dəyərlərimizə, qanunlara hörmətlə yanaşan, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirən, bu meyarları əsas tutan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi istiqamətində ümidləri doğruldacağına inamını ifadə edib.

Vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib. İştirakçılarla qarşılıqlı müzakirə formatında aparılan vebinarda, həmçinin onların sualları cavablandırılıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Oxşar Xəbərlər