Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb.
Bu barədə “QİA.az”a Energetika Nazirliyindən məlumat verilib.
Müqavilə işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpa olunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində sahə üzrə beynəlxalq təcrübə araşdırılacaq, işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişaf və əhalinin məskunlaşmasından asılı olaraq enerjiyə tələbat və enerji təchizatı ssenariləri, bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası, enerji effektivliyi, nəqliyyat, şəhərsalma, tullantıların idarə edilməsi, ağıllı şəbəkələr, yaşıl maliyyələşdirmə və s. kimi məsələlər əhatə ediləcəkdir.
Qeyd edək ki, 1960-cı ildə təsis olunmuş TEPSCO şirkəti dünyanın 90-dan çox ölkəsində layihələr həyata keçirib və “yaşıl enerji” sahəsində beynəlxalq təcrübəyə malikdir. Şirkət tərəfindən Yaponiya, Vyetnam, Malayziya, İndoneziya, Braziliya və Tailandda “ağıllı şəhər” layihələri çərçivəsində “yaşıl həllər” təklif edilib.
Şirkət Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Bunlardan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini, Azərbaycan Respublikasının enerji sektorunun sahəvi təhlili və digərlərini qeyd etmək olar.
Xatırladaq ki, 3 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.