Qlobal sistem bütün amilləri ilə bugünkü reallıqlara uyğun olaraq yenidən qurulmalıdır. Hazırda dünyada haqsızlıqların qarşısını alacaq heç bir qurulu mexanizm yoxdur. Daha balanslı, ədalətli və əhatəli bir sistem yaratmaq üçün hamımız əl-ələ verməliyik. Bu gün dünyada maliyyə bərabərsizliyi ən yüksək həddə çatıb. Dünyanın ən varlı insanları olan bir faizlik hissə ümumi qlobal sərvətin demək olar ki, yarısına sahibdir.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Albaraka İslam Maliyyə Sammitində çıxışı zamanı ifadə edib: “Son illər dünya radikal dəyişiklik prosesindən keçir. İkinci Dünya Müharibəsindən sonra qurulan iqtisadi, hərbi və siyasi sistemin əsasları hər yeni hadisə ilə daha da ciddi sarsılır. Beynəlxalq sistemdə tarazlıq pozulub, qeyri-müəyyənlik artıb, qeyri-sabitlik və xaos dünyanın hakim rənginə çevrilib. Türkiyə olaraq uzun müddətdir bu vəziyyətə diqqət çəkirik. Qlobal sistem bütün amilləri ilə bugünkü reallıqlara uyğun olaraq yenidən qurulmalıdır. “Dünya 5-dən böyükdür” sözlərim sistemin təcili dəyişdirilməsinə olan ehtiyacın göstəricidir”-deyə Ərdoğan vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyasının yaratdığı fəsadlarının tam həll olunmadan başlayan Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələrinə də diqqəti cəlb edib. Bütün yeraltı sərvətlərə baxmayaraq Afrikada insanların aclıqdan ölməsini, Suriyada, Sudanda, Yəməndə yaranan xaos, sivilizasiyaların beşiyi olan Aralıq dənizində hər il minlərlə miqrantın həyatını itirməsini xatırladan Türkiyə Prezidenti vurğulayıb ki, bütün bunların qarşısında bəşəriyyətin özünü rahat hiss etməsi mümkünsüzdür: ”Ədalət olmayan yerdə sülh və əmin-amanlıq olmaz. Təhlükəsizlik olmayan yerdə demokratiya və azadlıq yoxdur. Qlobal sistemin elitası bu vəziyyətə məhəl qoymur və görməməzlikdən gəlir. Lakin yaşadığımız hər hadisə, hər regional böhran və davam edən müharibələr bütün bu faktları bir daha xatırladır. Əgər bəşəriyyət olaraq həm özümüzün, həm də övladlarımızın firavan bir dünyada yaşamalarını istəyiriksə, xüsusilə həll yolu əvəzinə daim problemlər yaradan mövcud sistemdə inadkarlıqdan əl çəkməliyik”.
Türkiyənin tarix boyu şərqlə qərb arasında ticarət və körpü rolunu oynadığını deyən Ərdoğan bildirib ki, indi bu işlər maliyyə bazarlarında davam etdirilir. İstanbul Maliyyə Mərkəzinin bu istiqamətdə gördüyü xüsusi ilə əhəmiyyətlidir.