Erməni diversant qrupu Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

QİA.AZ xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatına cavabında bildirilib.

“Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilmişdir.

İstintaq zamanı müəyyən edilmişdir ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.

Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub.

Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar”, – deyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin cavabında qeyd edilir.

Oxşar Xəbərlər