Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan ABŞ-da erməni diasporunun qarşısında çıxış edərək bəyan etdi ki, Ermənistan yeni bir hərbi doktrina qəbul edib və bu doktrinaya uyğun olaraq Ermənistan yeni torpaqlar işğal edəcək. Tonoyan açıq şəkildə bunu elan etdi və gərginlik artıq göstərirdi ki, nəyə hazırlaşmaq lazımdır və iş hansı istiqamətə doğru gedir.
QİA.AZ-ın məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov Real TV-ə müsahibəsində deyib.
Z.Həsənov bildirib ki, Azərbaycan kəşfiyyatı və xüsusi xidmət orqanları müxtəlif məlumatlar əldə edirdi:
“Biz bilirdik ki, ermənilər təxribatlara hazırlaşırlar və təxribatlara yol verəcəklər. Təxribatlar törətməyə də başladılar. Bilirsiniz ki, Tovuz hadisələri oldu, sonra erməni diversiya qrupunun üzvü tutuldu. Yəni bütün bu işlər göstərirdi ki, biz nəyə hazır olmalıyıq. Ayın 27-si idi və saat 05:00-ı keçmişdi. Mənə məruzə olundu ki, düşmən bizim mövqelərimizi və cəbhəboyu kəndləri intensiv atəşə tutur. Mən dərhal iş yerimə gəldim və müvafiq tapşırıqlar verdim.
Saat 06:00 radələrində ermənilər artıq ağır artilleriyadan atəş açmağa başladılar. Bilirsiniz ki, bizim itkilərimiz oldu. Mən dərhal Ali Baş Komandana məruzə etdim, Ali Baş Komandandan müvafiq tapşırıqlar aldım və “Dəmir Yumruq” əməliyyatının həyata keçirilməsinə, əks-hücum əməliyyatının başlanmasına göstəriş aldım və müvafiq tapşırıqla Azərbaycan Ordusu “Dəmir Yumruq” əməliyyatına başladı”.