Yaxın gələcəkdə Ermənistan kənd məhsullarının qıtlığı kimi ciddi problemlə də üzləşə bilər. Belə ki, əksər kənd bitkilərinin becərildiyi zəmilərin neçə ildir azaldığı bu ölkə əvvəlcə koronavirus epidemiyası, sonra da işğal etdikləri torpaqlarını itirmələri üzündən böhranı daha erkən “qarşılamalı” olur.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) noyabr ayının əvvəllərində keçirilən Avropa regional konfransında qeyd edildiyi kimi, Ermənistan ərzaq və kənd təsərrüfatının inkişafına öncül diqqət ayrılmasının vacib olduğu ölkələrdəndir. FAO-nun hesabatlarında mütəmadi olaraq göstərilən problemlər həll olunmamış qalır, halbuki kənd təsərrüfatı Ermənistanda ən mühüm sektorlardandır. Həmin sahənin payına ölkə ÜDM-nin 2015-ci ildə 17 faizi düşürdüsə, hazırda bu, 12 faizə yaxındır.Mövcud çətinliklər sırasında fermer təsərrüfatlarının kiçik həcmi (orta sahələri 1,4 ha-dır), habelə kənd təsərrüfatı sahəsində ixtisaslı tədris proqramlarının olmaması, sektora ayrılan maliyyənin azlığı göstərilir. Həmçinin ölkədə kənd təsərrüfatı üçün gübrə, kimyəvi maddələr, baytarlıq dərmanları istehsalı yox dərəcəsindədir. Kənd təsərrüfatının inkişafına dair hazırlanan proqramların isə ümumi sözlərdən ibarət olduğu, yəni konkret göstəricilər, vəzifələrin həlli üçün tarxlər göstərilmədiyi bildirilir. Bu proqramlar ümumölkə yox, ayrı-ayrı problemlərə aiddir. Bundan əlavə, maliyyə azlığı, şəffaf mexanizmlərin tətbiq olmaması, aidiyyəti dövlət qurumlarının səlahiyyət və texniki imkan kasadlığı da kənd təsərrüfatı sahəsində dövlət siyasətinin icra olunması üçün əngəl yaradan amillərdəndir.
Nəticədə illərdir yığılıb qalan problemlərin fəlakətə çevrilməsi təhlükəsi ortaya çıxıb. Ermənistan Dövlət Statistika Xidmətinin məlumatına görə 2015-2019-cu illər ərzində əsas kənd bitkilərinin becərildiyi sahələr 337,5 min ha-dan 227,9 min ha-dək, o cümlədən kartof sahələri 27,8 min ha-dan 20,5 min, tərəvəz 28,4 mindən 20,4 min, qovun 6,8 mindən 4,3 min, üzüm 17,3 min ha-dan 16,5 min ha-dək geriləyib. Yalnız meyvə bağlarının sahəsi 40,3 min ha-dan 43,4 min ha-dək artsa da, məhsuldarlığı artmadı.
Məhsuldarlığa gəlincə, göstərilən müddət ərzində məsələn, kartof istehsalı 607,7 min tondan 404,1 min tona, tərəvəz 1.007,6 min tondan 621,6 min tona, meyvə isə 377,1 min tondan 290,6 min tonadək geriləyib.