Ermənistan cəmiyyətində revanşizm ideyası yoxa çıxmayıb – Rəy sorğusunun kədərli nəticəsi

Bu həftə “MPG/Gallup International Аssociation”ın Ermənistanda keçirdiyi yeni rəy sorğusunun nəticəsində məlum oldu ki, Ermənistan cəmiyyətində revanşizm ideyaları aktuallığını itirməyib.

Məlum olub ki, respondentlərin cəmi 10,2 faizi Qarabağ səhifəsini çevirməyin tərəfdarıdır, 4,6 faizi bu məsələyə cavab verməkdə çətinlik çəkib. Sorğuda iştirak edən bütün digər şəxslər isə bu və ya digər formada qisas almaq niyyətini müdafiə edirlər. Onların 21,5 faizi Qarabağın nəzarət altına götürülməsinin tərəfdarıdır, 29,5 faizi fürsət gözləməyi məqsədəuyğun hesab edir, 34,2 faizi ermənilərin “layiqli” formada yenidən Qarabağa qayıdışını istəyir. Beləliklə, bütün sorğular ermənilərin azərbaycanlılarla mehriban qonşuluq şəraitində yaşamaq istəmədiklərini göstərir.

Sorğunun nəticələrini Oxu.Az-a G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti Aleksandr Perenciyev şərh edib.

– Niyə İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən dörd ilə yaxın zaman keçməsinə baxmayaraq, Ermənistan əhalisinin yalnız 10%-i Qarabağ səhifəsini çevirməyə hazırdır?

– Revanşizm tərəfdarları dərhal yox ola bilməzdilər. Bu mənfi fenomenin aradan qaldırılması üçün vaxt lazımdır. Həm də əhalini onlar üçün daha vacib olan digər problemlərin həllinə yönləndirməyə çalışmaq lazımdır. Lakin istər siyasi hakimiyyət tərəfindən, istərsə də Qərbin informasiya və təbliğat strukturları tərəfindən erməni cəmiyyətində rusofobiyanın aşılanması vasitəsi ilə revanşizm ideyaları möhkəmləndirilir və genişləndirilir. Eyni zamanda, rusofobiya təkcə Rusiyaya deyil, Belarus Respublikasına da şamil edilir.

– Bakı Azərbaycana qarşı ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılmasının zəruriliyində israrlıdır. Bununla belə, ermənilərin 80,3 faizi konstitusiyaya dəyişikliklərin əleyhinədir. Sülhdən danışmaq və eyni zamanda əsas qanunda sülh müqaviləsinin bağlanmasını mümkünsüz edən müddəanı saxlamaq nə qədər doğrudur?

– Məhz buna görə də Ermənistanla Azərbaycan arasında münaqişənin tam həlli istiqamətində hərəkətə mane olan məqamlar var. Münaqişəyəmeyilli şərtlərin mümkün qədər uzun müddət qalması üçün hər şey edilir. Üstəlik, belə böyük rəqəm – 80,3 faiz təsadüfən meydana çıxmayıb. Bu, həm də yuxarıda qeyd etdiyim institutların erməni əhalisinin şüuru ilə işləməsinin nəticəsidir. Bu isə rəsmi İrəvana onu deməyə əsas verir ki, Ermənistanda hakimiyyət sülh prosesinin tərəfdarıdır, xalq isə revanşist mövqedən çıxış edir bu barədə guya onların edə biləcəkləri bir şey yoxdur.

– Sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının yarıdan çoxu Ermənistanın baş naziri Nikol Paşinyanın işini mənfi qiymətləndirir. Amma eyni zamanda, vətəndaşların 14,4 faizi parlament seçkisində hakim Vətəndaş Sazişi Partiyasına səs verməyə hazırdır. Müxalif siyasi qüvvələr isə 3,7%-dən 1,5%-ə qədər səs toplaya bilirlər. Düzdür, 30 faiz ümumiyyətlə səs verməyə hazırlaşmır. Belə paradoksal nəticələri necə izah etmək olar?

– Burada yalnız ilk baxışda hər şey ziddiyyətli görünür. Məsələn, olur ki, hökumət xalqın dəstəyini alır, amma baş nazir yox. Yaxud əksinə, seçicilər deyirlər ki, biz hökuməti sevirik, amma hökumət partiyasına səs verməyəcəyik. Rəy sorğularının belə nəticələri məhz vətəndaşların şüuruna müəyyən siyasi ideyaların süni şəkildə yeridilməsi nəticəsində baş verir. Yəni belə görünür ki, manipulyatorlar Ermənistan vətəndaşlarının siyasi şüuruna məharətlə təsir edirlər. Amma xalqın siyasi “şüuraltısı” var. Yeri gəlmişkən, siyasi təhtəlşüurun öyrənilməsi və onun süni şəkildə formalaşmış siyasi şüura qarşı qoyulması məsələlərini politologiyada, sosiologiyada və psixologiyada hələ heç kim detallı öyrənməyib.

– Nəhayət, Avropa İttifaqına daxil olmaq məsələsi. Respondentlərin 57 faizdən çoxu Ermənistanın Avropa İttifaqında təmsil olunmasının lehinə, 33 faizi isə əleyhinədir. Göründüyü kimi, Ermənistanda Qərbə istiqamət götürənlərin tərəfdarlarının mövqeləri güclənir. Rusiyada bunu izləyirlərmi?

– Əlbəttə, izləyirlər, özü də çox yaxından və diqqətlə. Hələlik bu, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələrinin cari hadisələrə verdiyi qiymətdə özünü göstərir. Yəni rəsmi Moskva vəziyyətin lüzumsuz şəkildə gərginləşməsinə imkan vermədən təmkinli mövqe nümayiş etdirir. Axı bəzən şərti inqilabdan sonra yenidən inqilab gəlir. Ya da gəlin prosesi başqa cür qeyd edək – məşhur İncil hekayəsindəki “Sərsəri oğulun qayıdışı”nı xatırlayaq: Rusiyada buna ümid etmirlər, lakin Ermənistanla ABŞ və kollektiv Qərb arasında münasibətlərdə baş verənlərdən sonra bunu mümkün variantlarından biri kimi qiymətləndirirlər

Oxşar Xəbərlər