Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.
“QİA.az”ın xəbərinə görə, birgə məlumatda deyilir:
“İyunun 2-də Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətəuyğun olmayan fikirlər səsləndirilib.
Bununla bağlı bildiririk ki, Ermənistan səhiyyə nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan hüquq mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus olması müəyyən edilmişdir.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində Azərbaycan Respublikası Baş Prokurorluğunun, Respublika Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin peşəkar əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən intensiv iş aparılır”.