AR Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, bu ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 30 erməni hərbçisinin meyiti birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verilib. Bir gün öncəsində isə döyüş bölgəsində köməksiz buraxılıb gedilən mülki şəxs, 85 yaşlı Yevgeniya Babayan Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verilib.
QİA.AZ xəbər verir ki, bu barədə məlumatı XİN-in Mətbuat Xidməti idarəsi yayıb.
Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə və humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada atılan bu addımlar, Azərbaycanın xoş niyyətinin, eləcə də beynəlxalq humanitar hüquq və insani dəyərlərə verdiyi dəyərin göstəricisidir.
Öz növbəsində Ermənistan tərəfi, erməni mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı son anda təhvil almaqdan imtina edərək növbəti dəfə qeyri-insani davranışını nümayiş etdirib.
Vurğulayırıq ki, Ermənistanın bu günədək 3 dəfə elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq cəsədlərin, eləcə də hər iki tərəfdə saxlanılan şəxslərin mübadiləsinə əngəl törətməsinə baxmayaraq, Azərbaycan birtərəfli qaydada humanitar addımı reallaşdırıb.
Azərbaycan tərəfinin bu humanitar addımının həyata keçirilməsində Rusiya Federasiyasının Müdafiə Nazirliyi müstəsna rol oynayıb.
Humanizm prinsipləri hər zaman olduğu kimi, bundan sonra da tərəfimizdən əsas götürüləcək.