Martın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən QİA.AZ-a verilən məlumata görə, iclasda Komissiyanın üzvləri və dəvət edilmiş şəxslər – təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları və digər rəhbər şəxslər iştirak ediblər.
İclas zamanı dəymiş ziyanın qiymətləndirilməsi, ilkin yardımın göstərilməsi, qismən ziyan dəymiş və tam dağılmış tikililərin bərpası və təmiri ilə əlaqədar son vəziyyətə dair məruzələr dinlənilib.
Vətəndaşlar tərəfindən edilən əlavə müraciətlərə baxılması, qiymətləndirmə prosesində şəffaflığın təmin edilməsi, təmir və bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlar verilib.