Ermənistanın hərbi-siyasi rəhbərliyi baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyanın simasında məğlubiyyətlərdən doğan durumu normal izah etməkdə və adekvat mövqe sərgiləməkdə çətinlik çəkir. Çıxış yolunu isə müxtəlif yalanlara və uydurma iddialara baş vurmaqda görürlər. Məsələn, baş nazir Nikol Paşinyan sentyabrın 27-dən bəri heç bir əsası olmadan, fakt göstərmədən xarici mətbuata müsahibələrində və ictimaiyyətə müraciətlərində ciddi cəhdlə guya Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, Yaxın Şərqdən yaraqlıları hərbi əməliyyatlara cəlb etdiyi iddialarını beynəlxalq və yerli ictimai rəyə aşılamağa çalışır. Paşinyan Türkiyə və yaraqlılarla bağlı yalanları həmçinin minnətçi düşdüyü ayrı-ayrı ölkələrin rəhbərləri ilə təmaslarda da təkrar etməkdən yorulmur. İşğalçı ölkənin baş naziri Türkiyəyə məxsus hərbi təyyarələrin hərbi əməliyyatlarda iştirak etdiyini, Azərbaycanın Ermənistan ərazilərini ballistik raketlərlə vurduğunu deyərək açıq böhtanlardan da çəkinmir. İntellektual səviyyəsi və dövlət xadimi kimi keyfiyyətləri çatışmayan Ermənistan lideri belə halların müxtəlif ölkələrin hərbi-texniki imkanları çərçivəsində təsbit oluna biləcəyini və yalanının asanlıqla ortaya çıxa biləcəyini anlamır. Bütün bunların Ermənistan rəhbərliyinin fantaziyasının məhsulu olması ittihamlar səslənəndən indiyə kimi hər hansı beynəlxalq təpkilərin müşahidə olunmaması ilə bir daha sübut olunur. Əgər Paşinyanın ittihamlarında azacıq gerçəklik payı olsaydı, onsuz da bəhanə axtaran anti-Azərbaycan dairələr çoxdan dünyanı bir-birinə vurmuşdu. Rahatlıqla ağ yalanları sıralaya bilən və nüfuz, etibar itirmək kimi bir problemi olmayan Nikol Paşinyana artıq bu dairələr də inanmır və onu iqnor edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev də müxtəlif çıxış və müsahibələrində dəfələrlə Azərbaycan tərəfdə hər hansı muzdlu və yaraqlıların vuruşmadığını, həmçinin qardaş Türkiyənin Azərbaycana yalnız mənəvi və siyasi dəstək göstərdiyini, münaqişə tərəfi kimi hərbi əməliyyatlarda iştirak etmədiyini ifadə edib.