Lefkoşa Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında münasibətlərin inkişafından çox məmnundur.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ŞKTC-nin Prezidenti Ersin Tatar Lefkoşaya Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyata başlamasının 50-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün gələn Azərbaycan nümayəndə heyəti ilə görüşdə bildirib.
ŞKTC Prezidentinin iqamətgahında keçirilən görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası qrupun rəhbəri Əhliman Əmiraslanov, millət vəkilləri Musa Quliyev, Fatma Yıldırım, Hikmət Babaoğlu və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev iştirak ediblər.
ŞKTC Prezidenti bu yaxınlarda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakını xatırladaraq qeyd edib ki, Şuşaya Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə səfər edib.
“ŞKTC-nin Şuşadakı Zirvə görüşündə müstəqil dövlət qismində iştirakı, Qarabağda digər türk dövlətlərinin bayraqları ilə yanaşı dalğalanan bayrağımız bütün dünya ictimaiyyətinə verilən açıq-aydın mesaj oldu”, -deyə Tatar vurğulayıb.
Siyasətçi rəsmi Bakının Lefkoşa ilə əlaqələrin dəstəklənməsinə dair mövqeyini yüksək qiymətləndirib. “Türkiyə və Azərbaycanın dəstəyi mövqelərimizi gücləndirir. Kipr türklərinə yaxın münasibətinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram”, -deyə ŞKTC-nin Prezidenti bildirib.
O xatırladıb ki, 44-günlük Vətən müharibəsi dövründə Kipr türkləri qardaş Azərbaycana dəstək olaraq dua ediblər.
Tatar erməni işğalından azad edilmiş Azərbaycan ərazilərini ziyarət etmək imkanından məmnunluğunu ifadə edib. “Türkiyə, ŞKTC və Azərbaycan “Bir millət, üç dövlət” prinsipinə riayət edirlər”, – deyən siyasətçi iki ölkənin parlamentlərarası əlaqələrinin daha da dərinləşməsinə ümidvar olduğunu bildirib.
Azərbaycan nümayəndə heyətinin üzvləri ŞKTC-ni ziyarət etməkdən məmnun olduqlarını bildiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev xatırladıb ki, ŞKTC-nin Bakıdakı nümayəndəliyi hələ 1997-ci ildə, Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə açılıb.
O vurğulayıb ki, Heydər Əliyev ŞKTC-nin də tərkib hissəsi olduğu Türk dünyası ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verirdi. “Ümummilli Lider tərəfindən əsası qoyulmuş kurs Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün Lefkoşada olduğumuz və ŞKTC-də qardaşlarımızın sevincini bölüşdüyümüz üçün qürur duyuruq. Bu, təkcə Kipr türkləri üçün deyil, həm də bütün Türk dünyası üçün bayramdır”, – deyə V.Hacıyev qeyd edib.