Plastik tullantıların idarə olunması dünyada ciddi ekoloji problemlərdən birinə çevrilib.
Təəssüf ki, gündəlik həyatımızda plastik materialdan istifadə etmədiyimiz sahə qalmayıb.
Məlum olduğu kimi, polimer quruluşa malik olan və neft törəmələrindən alınan materiallar plastik adlanır.
Plastikdən 1950-ci illərdən istifadə olunmağa başlanılıb. Həmin il plastik istehsalının həcmi 2,1 milyon ton olduğu halda, 2015-ci ildə artıq 407 milyon tona çatıb.
İstehsal olunan plastik daha çox qablaşdırma sənayesində istifadə olunur.
İstehsal edilən plastik miqdarının 1950-ci ildən bəri təxminən 8,3 milyard ton olduğu güman edilir.
Bu miqdarın 6,3 milyard tondan çoxu tullantılardan ibarətdir. (2017-ci il məlumatı). 2050-ci ilə qədər bugünkü rəqəmlərə 33 milyard ton plastik əlavə ediləcəyi təxmin edilir.
Hazırda plastik materiallar istehsalının artım tempi ildə təqribən 5 faiz təşkil edir.
Tərkibində zəhərli maddələrin olması və ətraf mühitdə uzun illər yaşama qabiliyyəti plastiki insan həyatı və ətraf mühit üçün böyük risk yaradan bir mənbəyə çevirib. Bir tərəfdən plastik materialların istehsalının sürətli templə artması, digər tərəfdən bu materialların istehlakının günbəgün genişlənməsi son nəticədə insan həyatı üçün əlverişsiz şərait yaradır.
Əsasən birdəfəlik məhsullarda istifadə olunan plastiklər mətbəxdə istifadə olunan saxlama qablarında, oyuncaqlar, qablaşdırmalar, avtomobillər, elektik əşyaları, bağçılıq alətləri, tikinti materialları, xalçalar, adyallar və geyim sənayesində toxuculuq məhsullarında geniş istifadə olunur.
Plastikdən siqaret kötüklərinin istehsalında da istifadə olunur. Dünyada plastiklərin sadəcə 20 faizi təkrar emal olunur.
Azərbaycanda nə qədər plastik istehsal olunur?
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə ölkədə istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə təqribən 2,5 dəfə artıb. Eyni zamanda, 2009-cu illə müqayisədə 2017-ci ildə ölkəyə 5 dəfə çox plastik qablaşdırıcı idxal edilib. Ekspertlərin qiymətləndirmələrinə görə, ölkədə hər il orta hesabla adambaşına 24-25 kq plastik tullantı yaranır.
Bu tullantılar torpaqda və su mühitində yaşayan heyvanlar tərəfindən mənimsənilərək sonradan insanların qida zəncirinə daxil ola bilirlər.
Azərbaycanda plastik tullantıların illik miqdarı 250 000 tona çatır. İdarəetmə dərəcəsinə görə bu tullantıları 3 kateqoriyaya bölmək olar.
Belə ki, ölkənin 3 milyondan çox əhalisinin yaşadığı “Böyük Bakı”da plastik tullantılar idarə olunur. Yaranan 75 min tona yaxın tullantı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən toplanılır və Balaxanı poliqonuna daşınır. Balaxanı poliqonunda “Təmiz Şəhər” ASC tərəfindən plastik tullantılar çeşidlənir və yandırılır. Çeşidlənmədə ayrılmış tullantılar isə texnoparkda yenidən emal olunur.
Digər tərəfdən, ölkənin 2400 minə qədər əhalisi yaşayan 4 şəhərində, 63 rayon mərkəzində və 70-ə qədər şəhər tipli qəsəbədə illik yaranan plastik tullantıların miqdarı təqribən 57 min tona bərabərdir. Bu tullantılar qismən idarə olunur, yəni mütəşəkkil olaraq kommunal müəssisələri tərəfindən idarə olunmayan zibilxanalara daşınır. Bu zibilxanalar ya basdırılır, ya da yandırılır, bəzi hallarda bu zibilxanalar çay dərələrində yerləşir və çayların gursulu dövründə sularla daşınır.
Üçüncü məqam isə ondan ibarətdir ki, ölkənin 4348 kəndində yaşayan 4400 min əhalinin yaratdığı 100 min tondan çox plastik tullantılar mütəşəkkil olaraq toplanılmır, əhali tərəfindən yandırılır, ətraf mühitə, çox vaxt sututarlarına atılır.
Bu cür məqamları nəzərə alan “Ruzgar” Ekoloji İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı əsasında həyata keçirdiyi layihə çərçivəsində təşkil olunan ekspedisiyalar, dəyirmi masa və görüşlərdə plastik tullantıların toksik təsiri haqqında maarifləndirmə işləri aparılıb. Əhalinin, icra orqanlarının və qərar qəbul edən şəxslərin məlumatlandırılması və maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır ki, bu da layihənin əsas ideyasını təşkil edib.