ETSN: Ermənilər Qubadlıda yaşı 150-300 il olan Şərq çinarlarını məhv ediblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti monitorinqlər Qubadlı rayonunun Xocahan, Tinli, Qilican, Əbilcə, Kavdadıq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Hal kəndlərində və Qubadlı şəhərində keçirilib.

ETSN-dən “QİA.AZ”a bildirilib ki, monitorinqlər zamanı Qubadlı rayonundakı bütün evlərin və inzibati binaların tamamilə dağıdıldığı, təbiət abidələrinin, çoxillik ağacların məhv edildiyi məlum olub.

Belə ki, Qubadlı şəhərinin mərkəzində təbiət abidələri siyahısına daxil edilmiş yaşı 150-300 il olan Şərq çinarları, diametri 60 sm olan qoz ağacları məhv edilib və yandırılıb. Ötən əsrin 60-70-ci illərində Eldar şamı və sərv ağaclarından ibarət 2 hektarda salınmış park isə tamamilə məhv edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılan Əməliyyat Qərargahlarında təmsil olunan ETSN-nin əməkdaşları tərəfindən monitorinqlər davam etdirilir.

Oxşar Xəbərlər