Ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “QİA.az”a verilən məlumata görə, bu gün Şabran rayonunun yol kənarı meşə fondu torpaqlarında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyevin rəhbərliyi və Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 2000-dən çox həmişəyaşıl ağac tingi əkilib və palıd toxumları səpilib.
Qeyd edək ki, son 3 gün ərzində 13 rayonda ağac əkini həyata keçirilib. Zərdab, Ağsu, Qobustan, Ağdaş, Şəki, Zaqatala, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Sabirabad, Masallı və Şabran rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 30 hektar ərazidə 40 mindən artıq müxtəlif cinsli ağac əkilib, 1000 kiloqrama yaxın toxum səpilib.
Qeyd edək ki, yaz ağac əkini respublikanın bütün rayonlarını əhatə edəcək və ölkə üzrə ümumilikdə 200 hektar meşə fondu torpağında hər bölgənin iqlim şəraitinə uyğun ağaclar əkiləcək.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ