“Ermənistanda keçirilmiş seçkilərdə ermənilər sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyan rejimlərinin əleyhinə səs veriblər. Onlar ölkədə islahatlar yolunun davam etdirilməsini seçmək qərarına gəliblər”.
“QİA.az” xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Ermənistanda Azərbaycanafobiya: Ermənilərin müharibədən əvvəlki və post-müharibə dövründəki diskursunda ədavət” adlı onlayn-tədbirin gedişində bildirib.
O qeyd edib ki, partiyası parlament seçkilərində qalib gəlmiş Nikol Paşinyan özünü demokrat kimi təqdim etsə də, seçkiqabağı kampaniyası zamanı bir neçə populist fikirlər səsləndirib.
“Ermənistan bu yolla davam edərsə biz regionda sülhə nail ola bilməyəcəyik. Yalnız ermənilər üçün demokratiyadan danışmaq millətçilikdir. Demokratiya hamı üçün olmalıdır”, – Şəfiyev deyib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri xatırladıb ki, məhz Paşinyan Gəncədə mülki əhalinin bombalanması əmrini verib: “Deyilənləri nəzərə alaraq, yeni hökumətin yürüdəcəyi siyasətin istiqaməti haqqında danışmaq hələ tezdir. Əvvəlcə Paşinyan Azərbaycanla barışığın əleyhinə olan özünün diplomatik heyəti iə münasibətləri sahmana salmalıdır”.