“Araşdırmalar Çinin “Sinovac” peyvəndinin hər yüz nəfərdən səksənində təsirli olduğunu, peyvəndin gözlənilən effektivliyini ortaya çıxardı. Peyvənd edilən, lakin xəstəliyə yoluxan az sayda insan COVID-19-u yüngül keçirməkdədir”.
QİA.AZ-ın xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca COVID-19 pandemiyasına qarşı ölkəsinin bir illik mübarizəsinə dair çıxışında deyib.
O bildirib ki, yeni növ koronavirus infeksiyası qısa müddət ərzində qrip kimi sıradan xəstəliyə çevrilməyəcək: “Amma 2020-ci ildəki kabus bu il eyni halda davam etməyəcək. Çox keçmədən pandemiya indiki gücünü itirəcək”.
Nazirin sözlərinə görə, elm koronavirusun üzərində üstünlük qazanıb.
Dünyada koronavirusa qarşı istifadə edilən 7 peyvəndin olduğunu vurğulayan F. Qoca qeyd edib ki, Türkiyə peyvənd tədarükündə ən sürətli hərəkət edən ölkələrdən biridir. O, Çin şirkətindən 50 milyon dozalıq vaksinin gətirilməsi üçün müqavilənin noyabrda imzaladığını, sifarişin ilk partiyasının dekabrda ölkəyə gətirildiyini xatırladıb.
Nazir üç ayrı peyvənd istehsalçısı ilə də danışıqların aparıldığını da qeyd edib.
“Bu günə qədər ölkədə 10 milyon dozadan çox vaksin istifadə olunub. Çox yaxında 5 yerli peyvənd namizədi ilə bağlı çalışmalara başlanılacaq”, – deyə səhiyyə naziri əlavə edib