Türkiyədə demokratik yolla seçilmiş hökuməti devirmək məqsədilə 2016-cı il iyulun 15-nə keçən gecə xain çevriliş cəhdi həyata keçirildi. Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevriliş cəhdi İstanbulda körpülərin bağlanması və tankların küçələrə çıxması ilə başladı.
FETÖ-nün çevriliş dəstələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd məqsədilə hücum həyata keçirdilər. Prezidentimizin yerli televiziyada yayımlanan çağırışı ilə xalqımız öz demokratiyasını müdafiə etmək üçün meydanlara çıxdı. Milyonlarla vətəndaşımız gecə boyu çevrilişçi terror təşkilatına qarşı mübarizə apardı.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbər Fahrettin Altunun “Xain çevriliş cəhdi: 15 iyul 2016-ci il” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin qeyd olunur ki, başda Türkiyə Böyük Millət Məclisi (TBMM), Prezident Sarayı və Ankara şəhər Baş Polis İdarəsi olmaqla, bir çox dövlət qurumlarının bombalanması bu hadisənin fərdi deyil, koordinasiyalı şəkildə həyata keçirildiyini sübut etdi.
Türkiyə Prezidenti Administrasiyasının rəsmisi bildirib ki, iyulun 16-da səhər saatlarında Türkiyə Silahlı Qüvvələrinin, Baş Polis İdarəsinin əməkdaşlarının və demokratiyanı müdafiə edən xalqın səyləri ilə xain çevriliş cəhdinin qarşısı alınıb və çevrilişi törədənlər ələ keçirilib.
“Hərbçi və mülki olmaqla ümumilikdə 252 şəhid verdik, 2740 qazimiz oldu. 15 iyul gecəsi Xüsusi Təyinatlı Qüvvələr Komandanlığını qorumaq üçün həyatı bahasına müqavimət göstərən və çevrilişin beyin komandasına daxil olan generalı zərərsizləşdirən şəhid Ömər Halisdemir kimi qəhrəmanlar çevrilişçilərə qarşı sədd oldular. Vətəndaşlarımız bağlanan Boğaziçi körpüsündə onları öldürməyə cəhd edən çevrilişçiləri şəhid olmaq bahasına zərərsizləşdirə bildilər. Bu, xalqımızın birliyinin və qətiyyətinin sınaqdan keçirildiyi tarixi məqamlardan biridir”, – deyə məqalədə vurğulanır.
F.Altun diqqətə çatdırıb ki, Türkiyə hökuməti çevriliş cəhdinin ilk anlarından asayişin bərpası və günahkarların məsuliyyətə cəlb edilməsi üçün hərəkətə keçib.
“Çevriliş cəhdinin arxasında FETÖ-nün olduğu dəqiqləşdi. Təşkilatın ABŞ-da məskunlaşan rəhbərinin dövlətin daxilindəki paralel strukturu ilə bu xəyanətkar əməli həyata keçirdiyi məlum oldu.
Qazandığımız zəfər təkcə Türkiyənin deyil, bütün dünyanın demokratiya tarixində ən şərəfli müqavimətlərdən biri kimi qeydə alındı”, – deyə o qeyd edib.
F.Altun bildirib ki, bu gün də mübarizəsini davam etdirən Türkiyə xaricə qaçan FETÖ fərarilərinin və liderlərinin təhvil verilməsi ilə bağlı dost və müttəfiq ölkələrdən həmrəylik gözləyir. Beynəlxalq aləmdə bir çox ölkələr Türkiyəyə dəstək və həmrəylik nümayiş etdirsə də, bəzi müttəfiq dövlətlərin çevriliş cəhdinə reaksiyası adekvat olmadı.
Sözügedən ölkələrin mətbuatında çevriliş cəhdinin işıqlandırılma forması Türkiyəni qane etmədi. Beynəlxalq miqyasda məsuliyyət daşıyan Qərb media orqanları 15 iyul gecəsi baş verənləri bəsitləşdirməyə çalışdı. Ölkəmizin demokratiyasını hədəfə alan qanlı çevriliş cəhdini “iki tərəf arasında münaqişə” kimi uğursuz bir ifadə ilə işıqlandırdılar.
“FETÖ-nün müttəfiq ölkələrimiz də daxil olmaqla, bir çox fərqli coğrafiyada fəaliyyətini davam etdirdiyinin fərqindəyik. Yalnız Türkiyənin deyil, sərhədləri daxilində mövcud olduğu bütün dövlətlərin təhlükəsizliyini təhdid edən bu terror təşkilatına qarşı hər sahədə mübarizəmizi davam etdirəcəyik.
Xain çevriliş cəhdindən sonra demokratik təsisatlarını daha da gücləndirən bir ölkə olaraq vətəndaşlarımızın həyatını və ölkəmizin müstəqilliyini təhdid edən terror təşkilatına qarşı mübarizəmiz hər sahədə davam edəcək.
O qanlı gecədə canlarını fəda edən vətəndaşlarımızın xatirəsini Türkiyənin istiqlalını və istiqbalını qoruyaraq ehtiramla anmağa davam edəcəyik”, – deyə Fahrettin Altun vurğulayıb.