“Fitch”: “Azərbaycan dövlət büdcəsi kəsirdən profisitə keçəcək”

Noy13,2021

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət büdcəsində ötən il yaranan 6,5 %-lik kəsirdən sonra, bu il ümumi daxili məhsulunun (ÜDM) 4,9 %-i həcmində profisit proqnozlaşdırır.

QİA.AZ” xəbər verir ki, bu barədə “Fitch Ratings” məlumat yayıb.

“Bu ilki fiskal balansdakı yaxşılaşma, neftin qiymətinin yüksəlməsi, iqtisadi bərpa, normativ tələblərin yerinə yetirilməsi ilə güclü vergi daxilolmaları (2021-ci ilin yanvar-sentyabr aylarında illik 12 %-lik artım) və pandemiyaya dəstək tədbirlərinin ləğvi ilə şərtlənir”, – “Fitch Ratings” bildirir.

Qurum, dövlət büdcəsinin profisitinin gələn il ÜDM-in 1,1 %-nə qədər azalacağını və 2023-cü ildə isə 1 %-lik kəsirə qayıdacağını proqnozlaşdırır: “Bu böyük ölçüdə aşağı neft qiymətlərini və işğaldan azad edilmiş torpaqlarda infrastruktur xərclərinin (ÜDM-nin 2,5 % nisbətində) daha sürətli icrasını əks etdirir. Ancaq, bu, 4 % və 3,5 %-lik “BB” median kəsiri ilə müqayisədə müsbətdir”.

“Fitch Ratings” hesab edir ki, hökumət 2022-ci ildə qeyri-neft üzrə ilkin balansın illik azaldılması və borc hədəfini özündə əks etdirən yenilənmiş büdcə qaydasını tətbiq etməyi planlaşdırır ki, bunun ardıcıl icrası isə ortamüddətli dövrdə fiskal buferləri gücləndirməyə kömək edəcək.

Oxşar Xəbərlər