“Forbes” peyvənd hazırlayan şirkətlərin rəhbərlərini milyarderlər siyahısına salıb

Dek24,2020

“Forbes” jurnalı “BioNTech” və “Moderna” əczaçılıq şirkətlərinin rəhbərlərini koronavirus pandemiyası fonunda səhiyyə sektorunda var-dövlət əldə edən 50 yeni milyarder siyahısına daxil edib.

“QİA.AZ”TASS-a istinadən xəbər verir ki, müvafiq məlumatlar çərşənbə günü “Forbes”un saytında dərc olunub.

Koronavirus pandemiyası bir çox əczaçılıq şirkətinin direktoru və səhiyyə sahəsində yatırımlar edən investorların var-dövlətinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb. İlk növbədə də, söhbət peyvənd, dərman və tibbi avadanlıqların istehsalı ilə məşğul olan müəssisələrdən gedir.

“Ümumilikdə “Forbes” 2020-ci ildə səhiyyə sahəsində 50 yeni milyarderi kəşf edib. Bu ilin ən tanınmış “debütantları” koronavirusa qarşı iki ən uğurlu peyvəndi yaradan – bunlardan biri ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkəti, digəri isə Massamçusetsdə yerləşən “Moderna” şirkəti tərəfindən hazırlanıb – elm adamlarıdır”, – “Forbes”un saytında qeyd olunub.

Belə ki, nəşrin məlumatına görə, “BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi Türkiyə əsilli almaniyalı Uğur Şahinin sərvəti 4,2 milyard ABŞ dolları qiymətləndirilir. 2011-ci ildə “Moderna” şirkətinə rəhbərliyi ələ alan fransız Stefan Banselin kapitalı 4,1 milyard ABŞ dolları təşkil edir. 2010-cu ildə “Moderna”nın inkişafına uyğun olaraq 5 milyon və 1,5 milyon ABŞ dolları məbləğində sərmayə yatıran amerikalı investorlar Timoti Springer və Robert Langerin sərvəti isə müvafiq qaydada 2 milyard və 1,5 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Yeni milyarderlər siyahısına həmçinin Çin, İtaliya, Hindistan, Kanada, İsveçrə, Honkonq, Danimarkadan olan bir sıra şirkət rəhbərləri və investorlar da daxil edilib.

Xatırladaq ki, dekabrın 11-də ABŞ-ın qida və dərman məhsullarının keyfiyyətinə sanitar nəzarət idarəsi olan Qida və Dərman Administrasiyası (FDA) ölkədə istifadəsinə artıq başlanılmış “Pfizer” və “BioNTech”in birgə peyvəndini təsdiqləmişdi. Dekabrın 18-də isə Moderna”nın peyvəndi FDA-dan oxşar təsdiq alıb.

Oxşar Xəbərlər