Sentyabrın 13-15-də keçiriləcək “Formula 1” üzrə Qatar Airways Azərbaycan Qran-Prisi ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-si gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq.
QİA.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Hərəkət sentyabr 17-si, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
-Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
-Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə
Tel: (012) 497-35-89
-Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4
-Xəqani küçəsi 26/32
Tel: (012) 498 88 06
-Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58
-İstiqlaliyyət küçəsi 5
Tel: (012) 492 41 85
Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması avqustun 29-dan başlayıb sentyabrın 13-dək davam edəcək.
Hər il olduğu kimi, bu il də “Formula 1” üzrə Qatar Airways Azərbaycan Qran-Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.