Portuqaliyada “Formula 1” qran-prisində “Mersedesin” pilotu Lüis Hemilton çempionatın üçüncü mərhələsində qələbə qazanıb.
“QİA.az” xəbər verir ki, yarış Portimanda keçirilib.
İkinci yeri “Red Bull”dan Niderland idmançısı Maks Ferstappen tutub. Finlandiya təmsilçisi Valtteri Bottas üçüncü olub.
Qeyd edək ki, Hemilton daha əvvəl Bəhreyn Qran-prisini qazanıb. Britaniya təmsilçisi “Formula 1” üzrə yeddiqat dünya çempionudur. O, qələbə sayına görə dünya rekorduna imza atıb.
Xatırladaq ki, Formula-1 (ing. Formula One World Championship) – açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Formula-1 üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı- ayrı mərhələlərdən ibarət olur.
İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Sürücülər dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar.
Komandalar hər bir yarışa özünün hazırladığı şassi ilə çıxırlar, hər bir komandanı iki sürücü təmsil edir, sürücü çempionatda iştirak etmək üçün Beynəlxalq Avtomobil Federasiyasından SuperLisenziya almalıdır. Komandalar öz şassilərinə kənar motor istehsalçısından aldıqları motoru quraşdıra bilərlər.
Son idman reqlamentinə görə, motorun işçi həcmi 1.6 litrdir, silindrlərin sayı isə V6-dır, motorun çəkisi 145 kq-dır. Bu balaca motor 850-900 at qüvvəsi hasil edir və düz yollarda 370 km/saatadək sürət yığmağa imkan verir. Ümumiyyətlə, Formula1 maşınları ən dinamik maşınlar sayılırlar, yəni ən qısa vaxt ərzində sürətlənir və ən qısa vaxt ərzində dayanırlar.
Formula-1 maşınlarını bolidlər, sürücülərini isə pilotlar da adlandırırlar.
Builki dünya çempionatı 21 mərhələdən, Qran Pridən ibarətdir. Hər bir Qran Prini üçgünlük həftəsonu (uik- end) təşkil edir. Reqlamentə görə, sürücülər cümə günü hər biri 1.5 saat olan iki sərbəst yürüşdə trasla tanış olurlar, maşınları qarşıdakı sıralanma turu və yarışa sazlayırlar. Monako Qran Prisində sürücülər cümə günü deyil, bir gün əvvəl- cümə axşamı eyni işi görürlər.