Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.
Bu barədə “QİA.AZ” xarici mətbuata istinadən xəbər verir.
O, qeyd edib ki, əgər rəsmi Paris qondarma rejimi tanısa belə, bu, heç kimə xeyir gətirməyəcək.
“Fransa tərəfindən birtərəfli tanınma nə Ermənistan, Qarabağ əhalisi, Fransa, Minsk qrupunun başqa həmsədrləri (ATƏT – red), nə də Avropa üçün faydalı olardı”, – o deyib.
Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.
Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.
“Hökumətin (Fransa – red) məsuliyyəti sual verməkdən ibarətdir: belə bir jest faydalı və təsirli olardımı?”, – o əlavə edib.
Dövlət katibi vurğulayıb ki, bu addım heç bir fayda verməyəcək.